Naxçıvanın 90 illiyi BDU-da qeyd edilib

BDU-da  Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Rektor Azərbaycanın qədim bölgəsi olan Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etdiyini bildirib və çoxəsrlik dövlətçilik ənənələri olan bu diyarın xalqımızın zəngin mədəni irsini layiqincə yaşatdığını, yetirdiyi çox sayda tarixi şəxsiyyətləri, görkəmli elm xadimləri, sənətkarları ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynadığını bildirib.

Tədbirdə AMEA-nın Naxçıvan bölməsinin rəhbəri, akademik İsmayıl Hacıyev “90 illik şərəfli yol” adlı məruzəsndə Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılığından, dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlərindən danışıb.

Milli Məclis 1-ci müavini, professor Ziyafət Əsgərov, MM-in komissiya sədri Eldar İbrahimov bu gün yüksək potensiala malik Muxtar Respublikanın dövlət proqramlarını, infrastruktur layihələri böyük uğurla həyata keçirməsindən, ölkədə aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçı olduğundan söz açıb.

BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Naxçıvanın hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrildiyini qeyd edib.

Mətbuat və İnformasiya şöbəsi, 29 oktyabr 2014-cü il.