Fiziki coğrafiya

Fiziki coğrafiya kafedrası 1948–ci ildə BDU geologiya-coğrafiya fakültəsində fəaliyyət göstərən ümumi coğrafiya kafedrası bazasında yaradılmış və həmin ildə N.K.Kərəmov kafedra müdiri vəzifəsinə secilmişdir. Coğrafiya şöbəsinin və fiziki coğrafiya kafedrasının yaradıldığı ilk illərdə coğrafiya istiqaməti üzrə Azərbaycanda elmi dərəcəli kadrlar olmadıgına görə, bir sıra fənləri dəvət edilən yüksək ixtisaslı mütəxəssislər tədris edirdilər. Onlardan k.t.e.n. M.Ə.Salayevin (torpaqşünaslıq), akademik Ş.F.Mehdiyevin (ümumi geologiya), g.m.e.d. H.X.Əfəndiyevin (mineralogiya və kristaloqrafiya), prof.Ə.H.Əsgərovun (tarixi geologiya), M.H.Əliyevin (geodeziya və kartoqrafiya), məşhur pedaqoqlardan A.A.Şahbazovun (yerşunaslıq), İ.Ə.İbrahimbəylinin (materiklərin fiziki coğrafiyası) və bir sıra başqalarının xidmətləri xüsusi qeyd edilməlidir.

Azərbaycanlılardan ilk dəfə coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüş Xəzər dənizinin məşhur tədqiqatcısı professor Q.K.Gül 1952-ci ildən 1959-cu ilə qədər fiziki coğrafiya kafedrasına rəhbərlik etmiş və 1954-cü ildən eyni zamanda BDU elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir. Məşhur alim, elm təşkilatcısı 1959-cı ildə Azərbaycan Elmlər Akademiyasınin Coğrafiya İnstituna direktor vəzifəsinə təyin edilmiş və 1960-cı ildə fiziki coğrafiya kafedrasının müdiri vəzifəsinə dos.M.A.Müseyibov (1963-cü ildən c.e.d. prof.) seçilmişdir.

Fiziki coğrafiya kafedrasının yaradılması və Universitenin coğrafiya fakultəsinin gənc məzunlarının kafedrada saxlanılması kafedranın fəaliyyətinin ilk 10 ilində bir sıra gənc alimlərin yetişməsinə səbəb oldu. 1954–1959-cu illərdə M.A.Müseyibov, S.B.Kərimov, R.X.Piriyev, M.M.Həsənov coğrafiya elmləri namizədi alimlik dərəcəsinə laiq görüldülər. Tədrislə yanaşı dərslik və dərs vəsaitləri yaradılması işində fəal iştirak etməyə başladılar.

1950-ci ildə kafedrada Azərbaycanın fiziki coğrafiyasına, Xəzər dənizinə, landşaftşünaslığa, geomorfologiyaya, kartoqrafiyaya aid onlarla dəyərli tədqiqatlar yerinə yetirildi və bu kafedranın ittifaq arenasına çıxmasına şərait yaratdı.

1950-ci illərin ikinci yarısında fizki və iqtisadi coğrafiya kafedraları əməkdaşları SSRİ Təhsil Nazirliyinin sifarişi ilə “Kənd təsərrüfatı məqsədləri üçün kompleks fiziki və iqtisadi coğrafi rayonlaşdırma” problemi üzərində işləməyə başladılar.

1961-ci ildə Azərbaycan Dövlət Universitetində SSRİ-in kənd təsərrüfatı məqsədləri üçün fiziki və iqtisadi coğrafi rayonlaşdırmasına həsr edilmiş Ümumittifaq elmi konfransı keçirildi. Həmin problemin Azərbaycanda əsas icraçıları prof.Q.K.Gül, dos.N.K.Kərəmov, dos.Ə.M.Hacızadə, dos.M.A.Museyibov idilər.

Prof. Q.K.Gülün Xəzər dənizinə həsr olunmuş fundamental monoqrafik əsərləri fiziki coğrafiya kafedarsının SSRİ miqyasında Xəzərşunaslıq mərkəzinə çevrilməsinə səbəb oldu.

1960-cı illərdə kafedrada geomorfologiya, neotektonika, landşaftşunaslıq, kartoqrafiya, hidrolo-giya istiqamətləri üzrə tədqiqatlar daha sürətlə inkişaf etməyə başladı.1960-cı illərin ikinci yarısından başlamış kafedra geomorfologiya, neotektonika, landşaft tədqiqatlarına dair böyük dövlət sifarişləri almaga başladı və Azərbaycanın bir sıra fiziki coğrafi regionlarının iri miqyaslı landşaft və geomorfoloji xəritələri tərtib edildi. Bununla yanaşı 60-cı illərin sonu 70-ci illərdən prof. M.A. Museyibov neotektonikaya, Qafqazın və SSRİ-nin geomorfoloji xəritələrinin, monoqrafiyalarının tərtibinə aid böyük həcmli işlərin icrasına qoşuldu.

1960-1970–ci illərdə kafedrada elmi və tədris işlərinin yerinə yetirilməsində R.X.Priyev N.K.Kərəmov,N.A.Vəliyev,S.B.Kərimov, M.Ə.Süleymanov, R.Y.Quliyev, M.M.Həsənov, M.S.Cobanzadə, F.Ə. Hacıyev, F.A.Əhmədov, S.Ş.Şükürov, T.Soltanov, R.H. Muqalov, A.M. Mustafayev, A.Y. İsmayılov, S.M.Atakişiyev, S.V.Seredova və b. fəal iştirak etmişlər.

Fizki coğrafiya kafedrası əməkdaşlarının gərgin əməyi nəticəsində 60-70-ci illərdə bir sıra orijinal dərsliklər yaradılmış, yaxud ruscadan tərcümə edilmişdir.