Ukraynanın Luqansk şəhərində od-alov içərisində qalmış tələbə bacılar təhsillərini indi Bakı Dövlət Universitetində davam etdirirlər
Bugünlərdə bu qocaman ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov universitet rəhbərliyinin geniş toplantısında Azərbaycan dövlətinin öz vətəndaşlarını həmişə və hər yerdə himayə etməsinin daha bir nümunəsi kimi, Ukraynadakı faciəli vəziyyətdən xilas edilərək Bakıya gətirilmiş, həyatları və təhsilləri yoluna qoyulmuş Fatmaxanım və Hilalə Dadaşovaları Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin tələbələri olmaları münasibətilə səmimi təbrik etdi, onlara uğurlar və xoşbəxtlik dilədi. Ali məktəbin struktur rəhbərlərinin, görkəmli alim və pedaqoqların iştirak etdiyi mərasimdə səslənən bu kədərli hekayət əvvəl hamını təsirləndirsə də, sonda yad ölkədə talenin ümidində qalan bu iki azərbaycanlı qızı yüksək səviyyədə himayə edən dövlətimizə və xeyirxah, qeyrətli insanlara yönəlik sonsuz minnətdarlıq hissləri yaratdı. ...Qızlar 4-6 yaşlarında olanda qısa müddətdə əksər doğma və yaxınlarını itirirlər. Əvvəl baba və nənələri dünyalarını dəyişirlər. Çox keçmir ki, ata- analarını da itirirlər. Kirayə mənzildə kimsəsiz qalmış körpə qızlara xalaları Rəfiqə xanım və onun nəcib həyat yoldaşı Adil Əsgərovlar sahib çıxırlar. Fatmaxanım və Hilalə xalası qızları Aygünlə bir yerdə qayğısız böyüyürlər. Rəfiqə xanımın Ukraynanın Luqansk şəhərində yaşayan yaxın rəfiqəsi Rəhilə Cabbarova qızlar orta məktəbi bitirəndə Əsgərovların növbəti ağır qayğısına çiyin verir. Qeyrətli həmyerlimiz qızları yanına aparıb buradakı Taras Şevçenko adına Dövlət Universitetinə daxil olmalarına kömək edir. Bacılar II və III kursları bitirhabitirdə Luqanskın səmasında mərmilər oynayır, qan su yerinə axır. Universitetin binası və qızların qaldığı yataqxana da dağılır... Bu ilin qışından ağır xəstəlikdən intensiv şüa və kimyaterapiya müalicəsi alan Rəfiqə xanım, beləliklə daha bir ağır sınağın məngənəsinə düşür. Yaxşı insanların köməyi ilə qızlar Bakıya gətirilir. Müxtəlif yollarla Ukraynanın ali məktəblərinə qəbul edilmiş minlərlə azərbaycanlının Bakının küçələrinə tökülüb öz ölkəsinə dəyişmələrinə çalışdıqları günlərdə Fatmaxanım və Hilalənin Bakıda təhsilini davam etdirmələrinə icazə verilməsinin çətinliyini başa düşən Əsgərovlar nicat yolunu dövlətimizin humanizm prinsiplərinə üz tutmaqda görürlər. Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ünvanlanmış məktublar həyatları və təhsilləri pozulmuş qızların taleyinə yenidən işıq salır. Cavablarda bildirilir ki, problem bacıların seçdikləri ixtisas üzrə təhsil verən istənilən ali məktəbin rəhbərliyinə müraciət etməklə həllini tapacaq. Rəfiqə xanım tərəddüd etmədən qızların turizm ixtisası üzrə təhsillərini davam etdirmələrinə gözəl şəraiti olan, tanınmış alim və ictimaı xadim Abel Məhərrəmovun rəhbərlik etdiyi Bakı Dövlət Universitetinə müraciət etməyi qərara alır. Avqustun isti günlərindən birində onu qəbul edən rektorun qızların taleyinə həssas münasibəti, sənədlərin təcili hazırlanıb Təhsil Nazirliyinə göndərilməsi barədə qəti göstərişi Əsgərovların aylardan bəri davam edən yanğılı həyəcanına bir sərinlik gətirir. Artıq, istisna qaydasında, Dadaşova bacılarının öz Vətənində təhsillərini davam etdirmələri ölkə qanunlarına uyğun şəkildə rəsmiləşdirilib. Alqışlardan sonra Baş nazirin sabiq müavini və BDU-nun sabiq prorektoru, hazırda universitetin kafedra müdiri və professoru olan Milli Qəhrəman atası, 83 yaşlı İzzət Rüstəmov söz alaraq bildirdi: – Bu hadisə öyünclü tarixi, şanlı ənənələri olan 95 yaşlı universitetimizin tarixinə yazılası bir səhifədir. Mən ulu öndər Heydər Əliyevin faciəyə düçar olmuş ailələrə necə diqqət və qayğı ilə yanaşmasının çox şahidi olmuşam. Bu gün ümummilli liderin sadiq davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev, Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri Mehriban xanım Əliyeva Azərbaycanda humanizm, mərhəmət prinsiplərini dövlət siyasəti səviyyəsinə qaldıraraq, heç kəsin darda qalmasına imkan vermirlər. Ölkə ali məktəblərinin avanqardı olan BDU-da bu siyasətin uca tutulmasının çox sayda örnəklərini gördükcə biz daha yaxşı fəaliyyətə ruhlanırıq. Rəfiqə xanım ailələrinin dar günündə müraciətlərinə həssas və qayğıkeş münasibətə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə etdi, bu qayğının başı bəlalar çəkmiş ailəyə acıları unutdurduğunu söylədi. Qızlar üçün BDU-nu niyə seçdiklərinə aydınlıq gətirən xanım bildirdi ki, dünya şöhrətli bu ali məktəbə rəhbərlik edən akademik, millət vəkili Abel Məhərrəmovun bir çox xeyirxah əməlləri barədə eşitdiklərim bu ünvanı nəzərimdə ümid qapısı kimi ucaltmışdı. Rəfiqə Əsgərova BDU-ya qədəm basdığı ilk gündən ona qardaş- bacı qədər hayan olmuş prorektor İradə Əliyevanın, şöbə müdirləri İbad İbadovun və Kəmalə Əliyevanın, dekan Fərda İmanovun və Ramiz Əhlimanovun xeyirxahlıqlarını da yaddan çıxarmadı. Abel Məhərrəmov isə bu kövrək və ibrətli tarixçədə əsl azərbaycanlı qadın kimi tanıdığı Rəfiqə xanımın kimsəsiz qalmış bacısı qızlarını öz doğma balasından da artıq himayə etməsindən, yeri gələndə özünü fəda eləməyə hazır olmasından təsirləndiyini və qürurlandığını söylədi. BDU-nun rəhbəri daha sonra bildirdi ki, problemi olan insanlara kömək etmək hər bir vəzifə sahibinin həm də insanlıq borcudur. O ki qaldı bu qızlara, belələri barədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamızda açıq yazılıb: ata- anasını itirmiş uşaqlar təhsillərini bitirənədək dövlət himayəsi ilə əhatə olunurlar. Biz dövlətimizin bu ali məramını yerinə yetirməyə borcluyuq. Dadaşova bacılarının başı üstünü almış təhlükə də Prezident İlham Əliyevin daim sadiq qaldığı bu xoş məramla sovuşduruldu. Fatmaxanım və Hilalə universitetimizdə oxuduqları müddətdə humanist qanunlarımızdan irəli gələn ən yüksək qayğı ilə əhatə olunacaqlar.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”